“Qaynaq Quraşdırma” və “Antikorroziya Zavodu” 2010-cu ildən fəaliyyət göstərir. Tərkibində 10-dan çox istehsal sahəsi mövcuddur.
Qaynaq Quraşdırma Zavodu
“Qaynaq Quraşdırma Zavodu” qaynaq və quraşdırma sexlərindən ibarətdir. Qaynaq sexi metaldan sifarişə uyğun ağır və yüngül konstruksiyaların hazırlanması işləri yerinə yetirilir. Burada metal sütunlar, rabitə və işıq dirəkləri, kranaltı yollar, metal pilləkənlər, həmçinin anbar, ferma və sex kimi məkanların tam metal konstruksiyası hazırlanıb quraşdırılır.
Ölkədə həyata keçirilmiş bir çox iri layihələrin metal konstruksiyaları məhz bu sexlərdə hazırlanmışdır.
Metal Konstruksiya Zavodunun iştirak etdiyi iri layihələr:
- “Heydər Əliyev adına İdman Sarayı”nın xarici görünüşünün metal konstruksiyası
- “Bakı Olimpiya Stadionu”nun pilləkənlərinin metal konstruksiyası
- “Şəmkir Çörək Zavodu”nun metal konstruksiyası
- “Bakı Metropoliteninin” depo bazası üçün yükləmə-boşaltma anbarının metal konstruksiyası
- “İsmayıllı Velosiped Zavodu”nun metal konstruksiyası
- Cənubi Kareyanın "Samsung Engineering Co. Ltd."-nin sifarişi əsasında “Karbamid” zavodunun metal konstruksiyası
- “Ustay” şirkətinin sifarişi əsasında “Socar Polimer” zavodunun metal konstruksiyası
- “BEC LTD” sifarişi əsasənda müxtəlif növ çənlər, platformalar kimi
Burada ölkə daxili ilə yanaşı xarici layihələr üçün də istehsal həyata keçirilib. “Zenit Arena” üçün hündürlüyü 105 m olan bayraq dirəyinin metal konstruksiyası, “DMT Foundry” şirkətinin sifarişi əsasənda “BMW” avtomobil şirkəti üçün Almaniyanın Köln şəhərində tikilən yeni zavodun metal konstruksiyanın hazırlanması daxildir ixrac sahəsində ən parlaq numunələrdəndir.
Qaynaq sexində, həmçinin təyinata uyğun olaraq müxtəlif ölçülərdə və mürəkkəblikdə silos çənlər hazırlanır.
Qaynaq quraşdırma zavodunun təzyiq altında işləyən tutumların istehsalı sahəsi ölkədə neft-qaz sektorunda geniş istifadə olunan təzyiq altında işləyən çənlərinin və buxar qazanlarını istehsal edən yeganə sahələrdən biridir. 2018-ci ildə Amerika Mühəndis Mexaniklər Cəmiyyəti (ASME) tərəfindən aparılan audit yoxlamasından müvəfəqiyyətlə keçib və ASME Sec VIII DİV1, ASME Sec VIII DİV2, ASME Sec I, NBİC standartlarının uyğun akkreditasiya əldə edib. Istehsal sahəsi U, U2, S və R möhürlərinə sahibdir.
Quraşdırma sexi üç sahəni əhatə edir:
- maşın və mexanizmlərin yığımı
- yük qaldırıcı avadanlıqların yığımı
- mobil konstruksiyaların hazırlanması
Bu sahələrdə komplektləşdirici hissələrdən "HOWO STP" markalı tikinti və sənayenin müxtəlif sahələrində istifadə olunan və təyinatına görə bir-birindən fərqlənən avtomobil qoşqu və yarımqoşquları, habelə yük avtomobillərinin şassiləri üzərinə quraşdırılan özüboşaldan və bortlu kuzovlar, səbətlər (STAQ – müxtəlif ölçülü 17, 22, 28), kran maşınlar, sendviç paneldən konteynerlər, istehsal arabaları və s. avtomobillər və məhsullar istehsal olunur, həmçinin, onlara texniki xidmət göstərərək təmir işləri həyata keçirilir.
Sexin maşın və mexanizimlərim yığım sahəsində müxtəlif təyinatlı, ölçülü və həcmli qoşqular və yarımqoşqular istehsal olunur. İstehsal olunan qoşqu və yarımqoşqular spesifik xüsusiyyələrinə, yükgötürmə qabiliyyətlərinə, qabarit ölçülərinə görə bir-birindən fərqlənirlər. Həmin sahədə bortlu və platformlı özüboşaldan, boru daşıyan, sement daşıyan, ağır yükdaşıyan, beton qarışdıran, bortlu kuzovlar (banlar), avtobetonqarışdırıcı çənlər, yük avtomobillərinin şassiləri üzərində qaldırıcı səbətlər, mobil kranlar və s. istehsal olunur.
Yük qaldırıcı avadanlıqların yığım sahəsi yük avtomobillərinin şassiləri üzərində quraşdırılan qaldırıcı səbətlərin, avtomobil kranlarının istehsalını həyata keçirir.
Mobil konstruksiyaların yığım sahəsində mobil daşınan evlərin, ev və ofis tipli konteynerlərin, mühafizə köşklərinin və s. istehsalı həyata keçirlir.
Müəssisədə Türkiyə və Almaniya istehsalı olan, avropa standartlarına və texnoloji tələblərə cavab verən avadanlıqla¬rdan istifadə olunması və ixtisaslı kadr potensialı yüksək keyfiyyətin əldə olunmasının əsas səbəblərindən biridir.
Məhsul və xidmətləri:
- müxtəlif yüngül və ağır metal konstruksiyaların hazırlanması və quraşdırılması;
- müxtəlif ölçülərdə və mürəkkəblikdə silos çənlərin hazırlanması və quraşdırılması;
- təzyiq altında işləyən çənlər və buxar qazanları;
- Tikinti, sənaye habelə kənd təsərrüfatı obyektlərinə müxtəlif təyinatlı yüklərin daşınması zamanı istifadə olunan:
- Bortlu və platformalı (STP BPY-25, STP PY-22, STP PY-35, STP PY-45, STP BQ-8,STP BQ-10)
- Özüboşaldan (STP ÖBY-35, STP ÖBY-45, STP ÖBY-60)
- Ağıryükdaşıyan (STP AYDY-40, STP AYDY-60)
- Konteynerdaşıyan (STP KDY)
- Borudaşıyan (STP BQ-2255, STP BQ-2214)
- Sisternalı (STP SYQ-25, STP SYQ-28) və sair müxtəlif təyinatlı qoşqu və yarımqoşquların istehsalı;
- Avtomobil şassiləri üzərinə quraşdırılan:
- Qaldırıcı səbətlərin, (STP STAQ-17, STP STAQ-22, STP STAQ-26, STP STAQ-28)
- Özüboşaldan və bortlu kuzovların, (sifarişə uyğun müxtəlif həcmli)
- Avtobetonqarışdırıcı çənlərinin (9 və 12M3 )
- Su və yanacaq çənlərinin,( müxtəlif həcmli)
- Avtobus vaqonlarının, briqada təyinatlı kuzovların və s. istehsalı ilə yanaşı, onlara texniki xidmət göstərilməsi.
- Ofis və digər təyinatlı konteynerlərin hazırlanmasını.
Antikorroziya örtükləri zavodu
Texniki və ekoloji göstəricilərinə görə nəinki Azərbaycanda, eləcə də regionda rəqibi olmayan “Antikorroziya örtükləri zavodu” 2010-cu ilin dekabr ayında fəaliyyətə başlamışdır. Bu müəssisə böyük həcmdə istehsal gücünə malikdir. Zavodun tərkibində qaynar sinkləmə, təmizləmə və boya sexləri fəaliyyət göstərir.
Qərbi Avropa ölkələrinin təcrübəsinin tətbiqi regionda ən qabaqcıl və ekoloji cəhətdən təmiz “Qaynar Sinkləmə sexi”nin yaradılmasına zəmin yaratmışdır. Burada Almaniyanın “Pilling”, “SCHEFFER”, “Stoeckl”, Avstriyanın “KOERNER”, “SCHEUCH” və Norveçin “C.H.Evensen” firmalarının avadanlıqları quraşdırılmışdır. Zavodun illik istehsal gücü 20000 tondur.
Avtomatik rejimdə fasiləsiz olaraq uzunluğu 14,5 m, eni 1,4 m və hündürlüyü 2,7 m olan məmulatların sinklənməsi, mexaniki rejimdə isə uzunluğu 18,0 m - ə qədər, eni 1,4 m və hündürlüyü 2,0 m olan metal məmulatların sinklənməsi mümkündür.
Müəssisədə tətbiq edilən yüksək ekoloji standartlar və texnologiyalar bütün proseslərin tam qapalı rejimdə aparılmasına, əmələ gələn zərərli buxarların və reagen tullantıların neytrallaşdırılmasına imkan verir.
Metalın ilkin emal prosesi özündə kipləşdirilmiş sahədə yerləşən 9 ədəd texnoloji vannanı, 3 ədəd traversi eyni vaxtda quruda bilən quruducunu və vannaların yerləşdiyi sahədəki havanın tərkibindəki HCl buxarını (xlorid turşusu buxarını) tutmaq üçün nəzərdə tutulmuş skrubberi birləşdirir. Xlorid turşusu ilə çirklənmiş suların təmizlənməsi üçün xüsusi neytrallaşdırıcı (Miniflot S200) qurğudan istifadə edilir. Bu qurğuda turşu ilə çirklənmiş sular NaOH qələvisi ilə neytrallaşdırılaraq kürəbəndə axıdılır. Kürəbəndə axıdılan suyun pH (7,5-8,5) göstəricisinə avtomatik rejimdə nəzarət olunur. Materiallar sinkləmə vannasına girən zaman əmələ gələn sink oksidinin ətraf mühitə yayılmasının qarşısını almaq üçün sinkləmə vannası qapalı zonada yerləşdirilmişdir və sink oksidi ilə çirklənmiş hava havatəmizləyici filtirdən keçərək atmosferə atılır. Sinkləmə vannasının üzərindəki havanın təmizlənməsi prosesi avtomatik rejimdə həyata keçirilir.
“Qaynar Sinkləmə sexi”ndə materialların boşaldılması və qablaşdırılaraq yola salınması üçün doqquz yol var. Yükləmə və boşaldılmada 6,3 tonluq kranlardan istifadə olunur. Materiallar yağlılıq və paslılıq dərəcələrinə görə qruplaşdırıldıqdan sonra yağsızlaşdırma və aşınma vannalarında emal oluna bilməyən qüsurlardan təmizlənərək traverslərdən asılmaq üçün qaldırma-endirmə stansiyaları yerləşən zonaya ötürülür. Metal səthinin yağsızlaşdırılması prosesi yağsızlaşdırıcı kimyəvi maddə vasitəsi ilə 1 saylı vannada həyata keçirilir. Qaynar sinkləmə prosesində mühüm sahələrdən biri də metal konstruksiyaların aşınmasıdır. Aşınma prosesi texniki HCl turşusunun (xlorid turşusunun) iştirakı ilə 2, 3 və 4 saylı vannalarda aparılır. Flüsləmə prosesi ikiqat duz məhlulunda 50-60°C temperaturda aparılır. Flüs qatı sinkləmə prosesində katalizator rolunu oynayır. Bu qat həm də qurutma kamerasında və traverslərin sink vannasına daşınması zamanı əmələ gələ biləcək oksidlərin qarşısını alır. İlkin hazırlıq mərhələsini keçmiş materiallar sinkləmə vannasına verilməmişdən qabaq tərkibində olan rütubətin aradan qaldırılması üçün quruducu kameraya daxil edilir. Qurutma prosesi 100-110° C kalorifer vasitəsilə qızdırılmış hava şəraitində aparılır.
Sink örtüyünün keyfiyyətinə nəzarət vizual formada və ГОСТ 9.307-89-a istinad edən sınaq metodları ilə aparılır. Sink vannasının metal tərkibi stasionar spektrometr BELEC LAB 3000s qurğusu ilə analiz edilir. Sink örtüyünün optimal qalınlığı 40-dan 250 mikrona qədər olmalıdır. Sinklənmiş materialların istismar müddəti 75-100 ildir. Sinklənmiş materiallar etibarlılıq və davamlılıq tələb edən sahələrdə geniş istifadə edilir.
Qaynar sinkləmə prosesində metal konstruksiyalar ərinmiş sinklə dolu (450- 452°C) vannaya salınır. Sinklənmiş materiallar EN ISO 1461:2009, ASTM A123 standartının tələblərinə cavab verir. Sinkləmə prosesində keyfiyyətli işin təmin edilməsi üçün yüksək keyfiyyətli (99.995%) sinkdən istifadə olunur. Bu isə hər hansı arzuolunmaz elementin sink örtüyünün tələb olunan keyfiyyətini azaltmayacağına tam zəmanət verir.
“Qaynar Sinkləmə sexi”ndə ISO 9001 və OHSAS 18001 beynəlxalq standartları tətbiq olunur.
“Antikorroziya örtükləri zavodu”nun “təmizləmə və boya sexi”ndə sifarişçinin tələblərindən asılı olaraq tikinti-quraşdırma, maşınqayırma və digər sahələrdə istifadə olunan müxtəlif mürəkkəb dərəcəli metal konstruksiyalar və onların hissələrinin, təzyiqli və təzyiqsiz çənlərin antikorroziya və rənglənmə xidmətləri göstərilir. Sexdə hazırda iki sahə, - qumlama (səthin hazırlanması) və rənglənmə fəaliyyətdədir.
Metal məhsullar oksigen ilə təmas etdikcə tədricən oksidləşir. Yağıntı və dəniz suyu ilə bəzi turşular bu oksidləşməni daha da sürətləndirir və pas əmələ gəlir. Nəticədə metalın müqaviməti qırılaraq çürüməyə səbəb olur. Dəmir və poladdan emal edilən hər bir məhsul çürüdükcə, bir müddətdən sonra yararsız hala düşür. Bunun qarşısını almaq üçün mütləq materialın oksigen ilə təmasa girməsinə mane olmaq lazımdır. Bunun üçün isə ən sərfəli yol onun boyanmasıdır.
Metaldan hazırlanmış bir məhsulu rəngləmədən əvvəl ilk edilməli olan ən mühüm iş boya tətbiq ediləcək səthin yağ, pas, beton və boya qalıntılarından təmizlənməsidir. Bunun üçün tətbiq ediləcək ən ideal səth təmizlənməsi metodu qumlamadır. Təmizləmə işlərinin aparılmasında istifadə olunan əsas materialin məhz qumun olmasına görə bu texnoloji proses qumlama adlanır. Qumlama metal səth¬lə¬rin rənglənməyə hazırlığın əsas mərhələsidir. Məhz bu təmizlənmənin effektiv nəticəsi key¬¬fiy¬yətli rənglənmənin aparılmasına, boyanın səthə daha sərt yapışmasına imkan yaradır və məhsulun uzunömürlüyünü təmin edir. Rənglənmədən öncə bu proses edilməyibsə, metal konstruksiyanın istifadə ömrü uzun olmur. Yaxşı hazırlanmış səth tipik təbəqəli rəng sisteminə 10 ildən artıq istifadə imkanı verir. Lakin eyni sistem, üzərində kiçik də olsa çirklənmə izləri olan döşəməyə tətbiq edildiyi zaman istifadə ömrü 4-6 il və bəzən bundan da az ola bilir. Tərif olaraq qısaca yüksək təzyiqli hava vasitəsilə (müxtəlif ölçülü dənəciklərlə) qumun səthin üzərinə çırpılması nəticəsində müəyyən incə bir səthin aşınması ilə abraziv təmizləmə üsuludur.
Qumlama prosesində müxtəlif standartlara uyğun aparılır. STP-nin qumlama və rənglənmə sexində çirklər metal üzərində sifarişçinin istəyinə uyğun olaraq SA 2 və SA 2.5 standartına uyğun səthin üzərindən təmizlənir. Qumlama prosesi metal qırıntılarıyla (drob), quru qumla (grit), su ilə, alovla, aşındırma yolu ilə, buxarla, əl ilə və ya mexaniki cihazlar vasitəsilə həyata keçirilir. Proses zamanı yüksək ixtisaslı mütəxəssislər skafandr və xüsusi uniforma geyinirlər.
Metal səth qumlama ilə təmizləndikdən sonra çox vaxt itirmədən ilkin mərhələdə astar boyası tətbiq edilir. Çünki əks təqdirdə qısa zamanda metal səthdə oksidləşmə gedir və metal yenidən pas tuta bilər. Tətbiq ediləcək boya da, metalın istismar təyinatına uyğun seçilir. Yüksək istiliyin olduğu yerlərdə başqa, yüksək korroziyaya məruz qalan şəraitdə istifadə ediləcək olan metal üzərinə isə başqa boya tətbiq edilməlidir.
Dənizdə yüksək səviyyədə duzluluq olan yerlərdə istifadə olunacaq metallara isə tam başqa növ boyalar istifadə olunur. Boya tətbiqi təyinatına görə həm fırça, həm də airless boya makinaları ilə tətbiq edilir. STP-nin boya sexində ənənəvi və yeni texnologiyaların tətbiqi ilə materiallar rənglənir. Ölçüsündən asılı olmayaraq istənilən məhsulun rənglənməsi üçün lazım olan bütün avadanlıqlar və texnika mövcuddur.